Trampın "sülh planı" gündəmi silkələdi: Ukrayna ilə bağlı şok proqnoz
Dünya
ABŞ və Qərbin vasitəçiliyi ilə hazırlanmış mümkün sülh planının detallarının sızdırılması beynəlxalq gündəmdə geniş müzakirələrə səbəb olub. Məlumatlara görə, sənəddə Ukraynanın ərazi bütövlüyü və dövlət quruluşuna dair bir sıra mübahisəli müddəalar yer alır. Xüsusilə Rusiyanın Xerson və Zaporojyenin bir hissəsini geri qaytarmağa hazır ola biləcəyi iddiası diqqət çəkir. Bununla belə, sızdırılan planın digər şərtləri Kiyev üçün qəbuledilməz sayılır və Ukrayna rəhbərliyi bu tələblərin ölkənin suverenliyinə ciddi təhdid yaratdığını bildirir. Planda Ukraynanın Donbas və Krımı rəsmən Rusiyanın ərazisi kimi tanıması tələbi yer alır.
Maraqlı, Ukrayna yeni sülh planını qəbul edərək bu ərazilərin itirilməsi ilə razılaşa bilərmi?
Məsələni şərh edən politoloq Zeynal Əmrəliyev News24.az-a bildirib ki, Rusiya Donbas istiqamətində ciddi irəliləyiş əldə edib və artıq çoxsaylı yaşayış məntəqələrini nəzarətə götürüb:
"Ukraynanın silah təminatı zəifdir və bu, müharibənin gedişinə ciddi təsir göstərir. ABŞ strateji silahlar vermədi, halbuki Rusiya qış əməliyyatı planı hazırlamışdı. Nəticədə Moskva planını rahat şəkildə icra edərək Donbasın bir hissəsini tam nəzarətə aldı. ABŞ Trampın açıqladığı sülh planını dəstəkləyir. Sızdırılan sənədlərin əsas müddəalarından biri Krım və Donbasın Rusiyanın ərazisi kimi tanınmasıdır".
Politoloqun sözlərinə görə, əgər bu müddəalar təsdiqlənərsə, ABŞ və Rusiya Ukraynanı kapitulyasiyaya məcbur etmək üçün faktiki olaraq koordinasiyalı şəkildə hərəkət etmiş olacaq ki, bu da ölkənin suverenliyinə ciddi təhdid yaradır.
"Son vaxtlar Ukrayna rəhbərliyində, xüsusilə Prezident Zelenskinin komandasında korrupsiya qalmaqallarının üzə çıxması daxili gərginliyi artırır və Rusiya üçün strateji üstünlük formalaşdırır. Mövcud vəziyyət belə davam edərsə, Rusiya müharibəni öz xeyrinə tamamlamaq imkanını qoruyub saxlayacaq. ABŞ-ın tətbiq etdiyi sərt sanksiyalar isə Moskvanı daha aqressiv addımlar atmağa sövq edə bilər".