ABŞ siyasətinin elitası bu səbəbdən milli kilsədə toplandı – Fotolar
Dünya
Vaşinqton Milli Katedralında ABŞ-nin sabiq vitse-prezidenti Robert Bryus Dik Çeyninin dəfn mərasimi keçirilib. O, ABŞ-də həm Corc Buş-ata, həm də Corc Buş-oğulun respublikaçı administrasiyalarında çalışıb.
News24.az xəbər verir ki, mərasimə çox sayda tanınmış amerikalı siyasətçi qatılıb. Qonaqlar arasında ABŞ-nin keçmiş prezidenti Co Bayden, onun administrasiyasından keçmiş vitse-prezident Kamala Harris, eləcə də sabiq prezident Corc Buş-oğul yer alıb.
Bundan əlavə, mərasimdə sabiq vitse-prezident, Tramp administrasiyasının üzvü Mayk Pens, eləcə də keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton da görüntülənib.
Zalda həmçinin ABŞ Konqresinin hər iki palatasının üzvləri də iştirak edib.
Bildirilir ki, ABŞ-nin hazırkı Prezidenti Donald Tramp və vitse-prezident Cey Di Vens mərasimə dəvət olunmayıblar. Qeyd edək ki, Çeyni Trampı kəskin şəkildə tənqid edirdi və son prezident seçkilərində Kamala Harrisi dəstəkləyirdi.
Qeyd edək ki, Dik Çeyni 11 sentyabr 2001 hücumlarından sonra Corc Buş-oğulun başladığı “terrorla mübarizə” siyasətinin memarlarından sayılır və 2003-cü ildə Qərb qüvvələrinin İraqa müdaxiləsinin əsas tərəfdarlarından biri olub. O, noyabrın 3-də vəfat edib.