Adanada müəllimə silahla hücum edildi
Dünya
Türkiyənin Adana şəhərində müəllimə qarşı törədilən zorakılıq hadisəsi ictimaiyyətdə ciddi narahatlıq doğurub.
News24.az xəbər verir ki, hadisə Seyhan rayonunda yerləşən Şəhid Duran Keskin İbtidai Məktəbinin qarşısında baş verib.
Məlumata görə, məktəbdə çalışan müəllim Aziz Gülen naməlum şəxs tərəfindən əvvəlcə fiziki zorakılığa məruz qalıb. Hücum bununla da bitməyib, şübhəli şəxs daha sonra silah çıxararaq müəllimə tərəf atəş açıb. Açılan güllə müəllimə dəyməyib, o, son anda özünü kənara ata bilib.
Hadisə ərazidəki təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdən sonra polis əməkdaşları hadisə ilə bağlı araşdırmalara başlayıb və hücumu törədən şəxsin saxlanılması üçün əməliyyat aparılır.