Şahzadə Uilyamdan örnək addım: oğlu ilə birlikdə onlara yardım etdi
Dünya
Böyük Britaniya şahzadəsi Uilyam böyük oğlu şahzadə Corcu Londonda evsizlərə yardım göstərən xeyriyyə təşkilatına aparıb. Ata-oğul ehtiyacı olan insanlar üçün Milad naharının hazırlanmasında iştirak ediblər.
News24.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Səfər taxtın varisi olan Uilyam üçün xüsusilə duyğusal olub. Belə ki, mərhum anası şahzadə Diana onu 11 yaşında olarkən məhz bu xeyriyyə təşkilatına aparıb. Həmin təcrübə sonradan Uilyamın evsizliyin aradan qaldırılmasına yönələn proqram yaratmasına ilham verib.
“The Passage” adlı xeyriyyə mərkəzinə səfər zamanı Corc ziyarətçilər kitabını daha əvvəl Diana tərəfindən imzalanan eyni səhifədə imzalayıb.
Önlük geyinən 12 yaşlı Corc və atası mətbəxdə işləyərək yeməkləri bişirmə qablarına yerləşdiriblər, eyni zamanda mərkəzin işçiləri ilə söhbət ediblər. Daha sonra onlar süfrələrin salınmasına – salfetlərin və Milad üçün nəzərdə tutulan bəzək əşyalarının düzülməsinə kömək ediblər.
Qeyd edək ki, şahzadə Uilyam evsizliyin qarşısının alınması ilə yanaşı ekoloji məsələlərin müdafiəçisi kimi də çıxış edir.