Ailəsi İmran Xanın vəziyyətindən danışdı: "Sağlamdır, amma…"
Dünya
Pakistanın həbsdə olan sabiq baş naziri İmran Xan fiziki cəhətdən sağlamdır, lakin təcrid və psixoloji gərginlik yaşayır.
News24.az “Reuters”ə istinadla xəbər verir ki, bu barədə onun bacısı açıqlama verib. Qeyd edək ki, ailə həftələrdir onunla görüş üçün icazə tələb edib və dekabrın 2-də görüş baş tutub.
İmran Xanın bacısı onunla görüşə bilən yeganə ailə üzvü olub. İxtisasca həkim olan bacısı həbsxananın qarşısında jurnalistlərə açıqlamasında bildirib:
“Fiziki olaraq yaxşıdır, amma daim içəridə saxlanılır, yalnız qısa müddətə çölə çıxır. Heç kimlə əlaqəsi yoxdur”.
Görüş ciddi nəzarət altında və mobil telefonlar olmadan keçirilib. Xanım əlavə detallar verməkdən imtina edib.
Xatırladaq ki, 2018-2022-ci illərdə Pakistanın Baş naziri olan İmran Xan 2023-cü ilin avqustunda korrupsiya ittihamı ilə həbs edilib. O, bütün iddiaların siyasi motivli olduğunu bildirir.