Şakira “Ginnesin Rekordlar Kitabı”na düşdü
Dünya
Məşhur müğənni Şakira rəsmi olaraq “Ginnesin Rekordlar Kitabı”na düşüb.
News24.az xəbər verir ki, bu barədə “Billboard” məlumat yayıb.
Kolumbiyalı superulduz bütün dövrlərin ən çox gəlir gətirən latın amerikalı ifaçısı kimi rekord qırıb.
Onun dünya turu “Las Mujeres Ya No Lloran” (“Qadınlar artıq ağlamır”) 2025-ci ilin fevralında başlayıb və 2026-cı ildə də davam edir.
Bu müddət ərzində Şakira 3,3 milyon bilet satıb, 86 konsert verib, 421,6 milyon dollar gəlir əldə edib.
Beləliklə, müğənni əvvəlki rekordçu Luis Miqeli geridə qoyub. Onun turu 2,9 milyon bilet satışı ilə 409,5 milyon dollar gəlir gətirib. Ondan əvvəl isə liderlik Bad Bunniyə məxsus olub. “World’s Hottest Tour” ifaçıya 314,1 milyon dollar gəlir gətirib.
Şakira rekordu rəsmi olaraq 11 dekabr 2025-ci ildə qırıb. Həmin gün Şakiranın turunun gəliri 410 milyon dolları keçib. Amma bu hələ son deyil. Müğənninin 2026-cı ildə daha 9 konserti planlaşdırılıb.
Müğənni özü bildirib ki, bu an onun üçün çox xüsusidir:
“Bu rekordu qırmaq mənim üçün böyük mərhələdir. Xüsusilə nəzərə alsaq ki, tarix boyu Latın Amerikasında və İspaniyada nə qədər böyük sənətçilər qastrol edib. 30 illik zəhmət və sınaqlarla dolu karyeradan sonra belə bir an yaşamaq inanılmazdır. Fanatlarıma sədaqət və ehtiraslarına görə sonsuz təşəkkür edirəm. Onlarsız bunların heç biri mümkün olmazdı. Şübhəsiz ki, dünyada ən yaxşı fanatlar məndədir”.