Almaniyada bomba zərərsizləşdirmə əməliyyatı fəlakətlə bitdi, onlarla insan xəsarət aldı

Almaniyada bomba zərərsizləşdirmə əməliyyatı fəlakətlə bitdi, onlarla insan xəsarət aldı Dünya

Almaniyanın Hanau şəhərində II Dünya müharibəsi dövrünə aid bombanın zərərsizləşdirilməsi zamanı partlayış olub. Hadisə zamanı 58 nəfər xəsarət alıb, bir neçə yaşayış binası dağılıb.

News24.az xəbər verir ki, bu barədə “BILD” nəşri məlumat yayıb.

Mütəxəssislər əvvəlcə tapdıqları bombanın növünü səhv müəyyən ediblər. Onlar bunun alışdırıcı bomba olduğunu düşünüblər, lakin sonradan məlum olub ki, bu, yüksək partlayıcı bombadır. Nəticədə sursat zərərsizləşdirilmə prosesində partlayıb.

Rəsmilərin bildirdiyinə görə, bombanın növü düzgün təyin edilmiş olsaydı belə, nəticə eyni olacaqdı. Partlayış qaçılmaz idi. Daha əvvəl də bombanın zərərsizləşdirmə zamanı partlaya biləcəyi ehtimalını nəzərə alaraq ətrafda su ilə doldurulmuş konteynerlərdən ibarət qoruyucu baryer quraşdırılıb və yaxınlıqdan 4500-dək insan təxliyə olunub. Buna baxmayaraq, partlayışın dağıdıcı nəticəsindən qaçmaq mümkün olmayıb.