“Apple”ı geridə qoydu — dünyanın ən bahalı şirkəti dəyişdi

“Apple”ı geridə qoydu — dünyanın ən bahalı şirkəti dəyişdi Dünya

Qrafik prosessorlar və sistemlər istehsalçısı “Nvidia” dünyanın ən bahalı şirkəti statusunu qazanıb. Şirkətin bazar dəyəri 4,63 trilyon dollara çataraq “Apple”ı (4,04 trilyon dollar) ikinci yerə sıxışdırıb.

Bununla yanaşı, “Microsoft” da mövqeyini itirib. Şirkət 3,79 trilyon dəyəri ilə bir pillə geriləyərək dördüncü yerə düşüb. Onu “Google”un ana şirkəti olan “Alphabet” qabaqlayıb.

News24.az xəbər verir ki, birja reytinqi London mərkəzli analitik məlumat şirkəti “LSEG”in məlumatları və “Reuters” agentliyinin hesablamaları əsasında tərtib olunub.

Birjada lider mövqeləri hələ də əsasən ABŞ-nin texnologiya nəhəngləri tutur. Avropadan olan ilk şirkət siyahıda yalnız 24-cü yerdə qərarlaşıb. Bu, bazar dəyəri təxminən 412 milyard dollar olan Niderlandın çip istehsalçısı “ASML”dir.

Reytinqdə ilk alman şirkəti isə proqram təminatı nəhəngi “SAP” olub. Şirkət 44-cü yeri tutur və dəyəri təxminən 300 milyard dollar qiymətləndirilir. Maraqlıdır ki, ötən il “SAP” siyahıda 32-ci yerdə idi.

Avropanın digər iri şirkətləri də siyahının üçüncü-dördüncü onluqlarında yer alıb. Onların arasında İsveçrənin kimya nəhəngi “Roche” (340 milyard dollar) və “Novartis” əczaçılıq şirkəti (295 milyard dollar) da var.