Atəşkəs pozuldu: Kamboca və Tailand arasında döyüşlər yenidən alovlandı

Atəşkəs pozuldu: Kamboca və Tailand arasında döyüşlər yenidən alovlandı Dünya

Tailand və Kamboca arasında döyüşlər yenidən alovlanıb. Gecə başlayan və sübh saatlarına doğru şiddətlənən qarşıdurma Trampın vasitəçiliyi ilə əldə olunan kövrək atəşkəsi tamamilə pozub.

News24.az xəbər verir ki, hər iki tərəf toqquşmanı bir-birinin başladığını iddia edir. Rəsmi məlumatlara görə, bir tailandlı əsgər və dörd kambocalı mülki şəxs həyatını itirib.

Tailand rəsmiləri bildiriblər ki, ordunun döyüş qabiliyyətini zəiflətmək məqsədilə Kamboca ərazisinə aviazərbələr endirilib. Bu arada Kamboca Tailandı qeyri-humanist və qəddar hücumlarda ittiham edib və özünün cavab atəşi açmadığını vurğulayıb.

Banqkoka görə, hava hücumları yalnız hərbi hədəflərə yönəlib və buna səbəb qarşı tərəfin ağır silahları səfərbər etməsi və döyüş birləşmələrini yenidən mövqe dəyişdirməsi olub.

Bu qarşıdurma iyul ayında baş verən beş günlük raket və ağır artilleriya döyüşlərindən sonra iki ölkə arasında yaşanan ən şiddətli toqquşma hesab olunur.