Atom elektrik stansiyasında radioaktiv maye sızması baş verdi

Atom elektrik stansiyasında radioaktiv maye sızması baş verdi Dünya

Yaponiyanın Honsyu adasında yerləşən “Onaqava” atom elektrik stansiyasının ikinci enerji blokunda az miqdarda radioaktiv maddə tərkibli buxar sızması qeydə alınıb.

News24.az xəbər verir ki, bu barədə stansiyanın operatoru olan “Tohoku Electric Power” şirkəti məlumat yayıb.

Hadisə avadanlığın planlı yoxlanışı zamanı baş verib. Bundan sonra stansiya rəhbərliyi səbəbləri araşdırmaq üçün reaktorun fəaliyyətini dayandırmaq qərarı alıb.

“Radioaktiv çirklənmə baxımından ətraf mühitə heç bir təsir yoxdur”, — deyə “Tohoku Electric Power” şirkətinin məlumatında bildirilib.

Sızma mayın 15-də yerli vaxtla saat 17:10 radələrində aşkarlanıb. Həmin vaxt reaktor tənzimləmə rejimində işləyib və gücünün təxminən 50 faizi səviyyəsində fəaliyyət göstərib.

Mütəxəssislər problemi aradan qaldırmağa çalışsalar da, kondensator yerləşən otaqda buxar ayrılması davam edib. Bundan sonra şirkət reaktoru dayandıraraq avadanlıqda əlavə yoxlama aparmaq qərarına gəlib. /RİA/