Avropa liderləri Ukraynanın ərazi güzəştləri ilə bağlı bəyanat yaydı
Dünya
Ukraynanın Rusiyaya mümkün ərazi güzəştləri ilə bağlı istənilən qərar yalnız güclü təhlükəsizlik zəmanətləri təmin edildikdən sonra verilə bilər. Bu zəmanətlər Avropanın rəhbərlik etdiyi çoxmillətli qüvvəni də əhatə etməlidir.
News24.az xəbər verir ki, bu barədə 10 Avropa ölkəsinin lideri və Avropa Komissiyasının sədri Ursula Fon der Lyayenin imzaladığı bəyanatda yer alıb.
Bəyanatda zəruri hesab edilən təhlükəsizlik zəmanətləri çərçivəsində Ukraynanın mümkün qarşıdurmaların qarşısını almaq üçün silahlı qüvvələrinin sayını təxminən 800 min nəfər səviyyəsində saxlamalı olduğu vurğulanıb.
Bundan əlavə, Avropa ABŞ-nin dəstəyi ilə könüllü ölkələrin töhfələrindən ibarət “Ukrayna üçün çoxmillətli qüvvə”nin koordinasiyasını həyata keçirməlidir. Bəyanatda qeyd olunur ki, bu qüvvə Ukrayna ordusunun yenidən formalaşdırılmasına kömək edəcək, ölkənin hava məkanının təhlükəsizliyini təmin edəcək və Ukrayna ərazisində fəaliyyət göstərməklə dəniz təhlükəsizliyinə dəstək verəcək.
Təhlükəsizlik zəmanətlərinə, həmçinin mümkün gələcək hücumlarla bağlı erkən xəbərdarlıq etmək və atəşkəsin pozulmasına reaksiya vermək üçün ABŞ-nin rəhbərlik etdiyi monitorinq mexanizmi də daxil olacaq.
“Ərazi ilə bağlı qərarlar yalnız güclü təhlükəsizlik zəmanətləri faktiki olaraq təmin edildikdən sonra Ukrayna xalqına məxsusdur”, – deyə bəyanatda vurğulanıb.