Avropada dörd ölkəni birləşdirən yeni qatar xətti açılır
Dünya
2026-cı ildən İsveçrənin Bazel şəhərindən İsveçin Malmö şəhərinə birbaşa qatar səfərləri başlayacaq.
News24.az xəbər verir ki, “EuroNight” adlı yeni gecə qatarı gələn il aprelin 15-dən fəaliyyətə başlayacaq. Qatar İsveçrə, Almaniya, Danimarka və İsveç ərazisindən keçərək 1 100 kilometrlik məsafəni 16 saata qət edəcək.
Səfərlər həftədə üç dəfə — çərşənbə, cümə və bazar günləri Bazeldən başlayacaq, qatar səhəri gün Malmö şəhərinə çatacaq. Əks istiqamətdə isə Malmödən cümə axşamı, şənbə və bazar ertəsi günləri yola düşəcək.
350 sərnişin tutumuna malik qatarda oturacaq yerləri, 4 nəfərlik kupe və xüsusi otaqlar nəzərdə tutulub. Bilet qiymətlərinin 27–215 dollar arasında dəyişəcəyi bildirilir.
Marşrut boyunca qatar Almaniyanın Frankfurt və Hamburq şəhərlərində, eləcə də Danimarkanın Kopenhagen hava limanında dayanacaq. Yeni xətt Avropa ölkələri arasında səyahəti daha rahat və ekoloji baxımdan əlverişli etməyi hədəfləyir.