Avropada inanılmaz statistika: tələbələr niyə təhsili yarımçıq qoyur?

Avropada inanılmaz statistika: tələbələr niyə təhsili yarımçıq qoyur? Dünya

Təhsildə çətinliklər və doğrulmayan gözləntilər tələbələrin dərsləri yarımçıq qoymasının əsas səbəbləri arasında yer alır. Son dövrlərdə bu siyahıya psixoloji gərginlik də mühüm amil kimi əlavə olunub.

News24.az xəbər verir ki, “Avrostat”ın yeni hesabatına əsasən, təhsil müəssisələrində tələbə itkisinin əsas səbəbi abituriyentlərin düzgün seçim etməməsidir. Məlumata görə, halların 43 faizində tələbələr tədris proqramının həddindən artıq çətin olduğunu və ya gözləntilərinə uyğun gəlmədiyini anlayaraq təhsili yarımçıq qoyur. Ali təhsil səviyyəsində bu göstərici 50 faizə yüksəlir.

Ümumilikdə, Aİ-də 15-34 yaş arası vətəndaşların 14 faizi həyatında ən azı bir dəfə məktəbi, universiteti və ya peşə təhsilini yarımçıq qoyub.

Göstəricilər ölkələr üzrə ciddi şəkildə fərqlənir. Siyahıya Niderland başçılıq edir – burada hər üç tələbədən biri (32%) təhsili vaxtından əvvəl dayandırıb. Danimarka (27%) ikinci, Lüksemburq (25%) isə üçüncü yerdədir.

Maraqlıdır ki, maliyyə çətinlikləri əksər hallarda əsas səbəb deyil. Tələbələrin 10 faizdən azı təhsili davam etdirməyə maddi imkanının olmadığını bildirib. Lakin paradoksal vəziyyət də mövcuddur: ümumilikdə tələbə itkisinin az olduğu bəzi ölkələrdə imtinanın əsas səbəbi məhz maliyyə problemləridir. Məsələn, tələbələrin təhsili ən az yarımçıq qoyduğu ölkə olan Rumıniyada dərslərdən imtina edənlərin 22 faizi bunu maddi çətinliklərlə izah edib. Maraqlıdır ki, Rumıniya eyni zamanda Aİ-də təhsilə ÜDM-in ən böyük payını ayıran ikinci ölkədir.

Qonşu Bolqarıstanda da oxşar mənzərə müşahidə olunur: ümumilikdə cəmi 3,5 faiz tələbə təhsili yarımçıq qoysa da, onların 30 faizi bunu təhsil xərcləri ilə əlaqələndirib. Bu, Aİ üzrə ən yüksək göstəricidir.

Kipr üzrə məlumatlar da bənzərdir: ada ölkə tələbə itkisində dördüncü, maliyyə səbəbi ilə imtina edənlərin payında isə üçüncü yerdədir.

Bundan başqa, tələbələrin 18,5 faizi şəxsi səbəblərə görə, 14 faizi işləmək istədiyi üçün, 8 faizi isə xəstəlik və ya əlillik səbəbindən təhsili yarımçıq qoyub.