Avropanı qorxu bürüdü: Ləğv edilən məcburi hərbi xidmət geri qayıdır
Dünya
Rusiya–Ukrayna müharibəsindən sonra Avropada təhlükəsizlik narahatlığı artdıqca yeni addımlar atılır.
News24.az xəbər verir ki, Fransa 1996-cı ildə ləğv etdiyi məcburi hərbi xidməti yenilənmiş və könüllülük prinsipi əsasında bərpa etməyə hazırlaşır. Prezident Emmanuel Makron Rusiyanın daha aqressiv davrandığını vurğulayıb və ölkənin müdafiə sisteminin gücləndirilməsinin vacib olduğunu bildirib.
Makron proqramın təfərrüatlarını bu həftə 27-ci Dağ Briqadasında açıqlayacaq. O, gənclərin Ukraynaya göndəriləcəyi iddialarını rədd edib və yalnız sülh razılaşmasından sonra peşəkar hərbçilərin Kiyevə gedə biləcəyini qeyd edib.
Yeni könüllü xidmət 10 ay davam edəcək. Proqrama həm qadın, həm də kişilər qatılacaq və iştirakçılara aylıq 900–1000 avro ödəniləcək. İlk mərhələdə 2–3 min nəfərin cəlb olunması, 2030–2035-ci illərdə isə sayın 10 min–50 min arasında artırılması planlaşdırılır.
Qeyd edək ki, Fransa 1996-cı ildə Jak Şirakın dövründə məcburi hərbi xidməti ləğv edərək tam peşəkar orduya keçmişdi.