Ay missiyası Yerə qayıtdı - Video

Ay missiyası Yerə qayıtdı - Video Dünya

ABŞ Milli Aeronavtika və Kosmos İdarəsinin (NASA) “Artemis II” missiyasının dörd nəfərlik heyəti Ay ətrafında səyahəti başa vuraraq təxminən 10 gün kosmosda olduqdan sonra Yerə uğurla qayıdıb.

News24.az xəbər verir ki, NASA-nın “Integrity” adlı “Orion” kapsulu cümə günü Sakit Okeana enərək missiyanı tamamlayıb.

Kapsul Cənubi Kaliforniya sahilləri yaxınlığında paraşütlər vasitəsilə suya enib və astronavtları təhlükəsiz şəkildə geri gətirib.

Missiya zamanı kapsul Yer ətrafında iki orbitdən keçib və Ay ətrafında uçuşla birlikdə ümumilikdə 1,1 milyondan çox kilometr məsafə qət edib. Bu uçuş 1972-ci ildən bəri insanların Aya ən yaxın məsafəyə getdiyi ilk ekipajlı missiya kimi tarixə düşüb.

Enişdən əvvəl kapsul Yer atmosferinə daxil olarkən təxminən 13 dəqiqəlik kritik mərhələdən keçib. Bu zaman temperatur 2760°C-yə qədər yüksəlib və qısamüddətli rabitə kəsilməsi yaşanıb. Daha sonra paraşütlərin açılması ilə eniş sürəti azaldılıb və kapsul okeana yumşaq eniş edib.

Missiyada iştirak edən astronavtlar - ABŞ-dan Rid Vayzman, Viktor Qlover, Kristina Kox və Kanadadan Ceremi Hansen uçuşun “çətin, lakin uğurlu” olduğunu bildiriblər. Enişdən sonra heyət ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmisi vasitəsilə təxliyə olunub və ilkin tibbi yoxlamadan keçirilib.

NASA bu missiyanı gələcəkdə planlaşdırılan Ay enişlərinə hazırlıq üçün əsas sınaq kimi qiymətləndirir. Agentlik 2028-ci ildə astronavtların yenidən Ay səthinə qayıtmasını planlaşdırır. (Qafqazinfo)