Azərbaycan-İran münasibətləri: buzlar əriyir? - Şərh

Azərbaycan-İran münasibətləri: buzlar əriyir? - Şərh Dünya
Yanvarın 27-də Tehrandakı səfirliyimizə hücumdan sonra Azərbaycan-İran münasibətlərində gərginlik daha da artdı. İrandakı səfirimiz Əli Əlizadənin hücumdan sonra paytaxta gəlməsi və səfirliyin fəaliyyətinin dayandırılması məhz bu olayın məntiqi nəticəsi idi. İran tərəfi hücumu pisləyən bəyanat versə də, istintaqı ləng aparır və təqsirkar şəxsi hər vəchlə məsuliyyətdən yayındırmağa cəhd edirdi. Prezident İlham Əliyev hadisədən sonrakı bəyanatında silahlı hücumu terror aktı kimi qiymətləndirdi.

Bir müddət davam edən gərginlikdən sonra iyunun 5-də xarici işlər naziri Ceyhun Bayramov hücum faktı ilə bağlı istintaqın qısa müddətdə  tamamlanacağına inam ifadə edib: 

"Biz hesab edirik ki, bu hadisə iki ölkə arasında münasibətlərə çox mənfi təsir edən amildir. Eyni zamanda, bizə bir neçə dəfə İran tərəfindən diplomatik missiyamızın fəaliyyətinin bərpa olunması ilə bağlı müraciətlər daxil olub. Ancaq təbii ki, bu məsələlər bir-birindən asılıdır və Azərbaycan tərəfi tam əmin olmalıdır ki, cinayətkarlar, sifarişçilər məsuliyyətə cəlb olunmalı, sərt şəkildə cəzalandırılmalıdır. Azərbaycan tərəfinə bununla bağlı bütün zəmanətlər sözdə deyil, əməldə verilməlidir”. 

C.Bayramov həmçinin İranda Azərbaycan vətəndaşı Fərid Səfərlinin həbsinə də toxunaraq, rəsmi Tehrana nota verildiyini diqqətə çatdırıb. Burada maraqlı və təəssüf doğuran aspektlərdən biri İran tərəfinin mövqeyi idi. Belə ki, Tehran polisinin rəisi Sərdar Hüseyn Rəhimi polisin hadisənin ailə problemləri zəminində törədildiyinə inadığını bildirib. Bu hadisədən sonra İran polisinin baş komandanı Əhmədreza Radan istefaya göndərilib. Azərbaycanın Xarici İşlər Nazirliyi bu arqumentin qəbul olunmadığını və məsuliyyəti bilavasitə İran tərəfinin daşıdığını bəyan edib. Adıçəkilən ölkənin səfiri Seyid Abbas Musəvi nazirliyə çağırılaraq ona rəsmi etiraz təqdim olunub. Nazirliyin bəyanatında qeyd olunub ki, hücuma təsir edən əsas amillərdən biri İranda Azərbaycan əleyhinə aparılan kampaniyadır. 

Buna qədər, hələ aprelin 6-da Azərbaycan İran səfirliyinin 4 diplomantını ölkədən çıxarıb. İran isə mayın 5-də Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun 4 əməkdaşını “persona non-qrata” elan etdiyini bildirib.

Beynəlxalq ictimaiyyət Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu qınayıb və İrana Cenevrə Konvensiyasına uyğun olaraq ölkədəki xarici diplomatların qorunmasına dair öhdəliyini xatırladıb.

Nəhayət, ötən gün Azərbaycan-İran İqtisadi, Ticari və Humanitar Əməkdaşlıq üzrə Dövlət Komisisyasının iclası keçirilib. Baş nazirin müavini, komissiyanın həmsədri Şahin Mustafayev deyib ki, şimal və cənub dəhlizləri ilə beynəlxalq tranzitin həcmi 69% artıb, 2022-ci ildə isə İran və Azərbaycan arasında ticarət əməliyyatlarının həcmində 30% artım olub.

Ş. Mustafayev onu da deyib ki, Astara yük terminalının tikintisi gələn ilin sonunadək bitəcək. Bununla yanaşı, Astaraçay üzərində avtomobil körpüsünün gömrük və sərhəd infrastrukturu tezliklə işə düşəcək. Görüşdə həmçinin regional və beynəlxalq nəqliyyat-kommunikasiya, eləcə də enerji layihələri müzakirə edilib. 

Tərəflər ötən il martın 11-də Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında” Anlaşma Memorandumun icrasını sürətləndirməyə razılaşıblar. Görüşün nəticələrinə dair kommunike qəbul olunub. 

Göründüyü kimi, münasibətlərdəki buzlar əriməyə başlayıb. 

Bəs indi rəsmi Bakı hansı məqamlara diqqət yetirəcək? Başqa bir sual: İran tərəfi qeyri-konstruktiv mövqeyindən əl çəkibmi?

Siyasi ekspert Natiq Miri hesab edir ki, ötən günkü görüş ikitərəfli münasibətlərin tənzimlənməsi üçün başlanğıc olsa da, hələ də ciddi nəticə anlamına gəlmir:  “Səfirliyə hücum müəyyən siyasi niyyətin nəticəsi olmaqla, dövlətə qarşı terror hadisəsi kimi qiymətləndirilir. Ona görə də ruhi xəstə kimi qələmə verilən bir şəxsin mühakiməsi bu məsələdə ciddi nəticə sayıla bilməz. İran tərəfi öhdəlik götürməlidir ki, bu şəxsin arxasında dayananları, daha dəqiq, sifarişçiləri cəzalandıracaq. Rəsmi Tehranın növbəti zəmanəti gələcəkdə Azərbaycanın heç bir diplomatik korpusuna və heç bir nümayəndəsinə qarşı analoji hadisələrin törədilməyəcəyi ilə bağlı olmalıdır. Ancaq İran hər  halda etibar ediləcək bir dövlət deyil. Baş nazirin müavini Şahin Mustafayevin ötəngünkü görüşü sadəcə, ölkəmizin heç bir dövlətlə düşmənçilik niyyətində olmadığını göstərir. Eyni zamanda mən İranla münasibətlər məsələsində tələskənliyin tərəfdarı deyiləm. Bu gün adı çəkilən ölkənin Küveytlə də problemləri var. Ola bilsin ki, regionda yeni münaqişənin fitili alovlanır. Məhz buna görə də İranla münasibətlərdə ehtiyatlı olmağın tərəfdarıyam”.

Ekspert Asif Nərimanlının
qənaətincə isə İranın rəsmi Bakı qarşısında ağ bayraq qaldırması adıçəkilən ölkənin təzyiqlərə məruz qalması ilə bağlıdır. Belə ki, beynəlxalq iqtisadi layihələrdən təcrid olunan rəsmi Tehran gücü regional əməkdaşlığa vermək istəyir. Bunun üçün bölgənin lider dövləti olan Azərbaycanın maraqlarına cavab verən siyasət yürütməsi vacibdir:  “Buna Çinin qlobal siyasətdə bir qədər geri çəkilməsi də rəvac verib. Hazırda bütün diqqət Avropa İttifaqının və Çinin də marağını cəlb edən Zəngəzur dəhlizinin üzərindədir. Bu dəhliz “Bir kəmər – bir yol” layihəsinin tərkib hissəsidir. Dəhlizlə bağlı danışıqlar isə Qərb platformasında gedir. İqtisadi əməkdaşlıq haqqında sənədə əsasən, İranla iqtisadi əlaqələrin bərpası hər iki dövlətin maraqlarına cavab verir. Lakin unutmaq olmaz ki, səfirliyimizə silahlı hücumun arxasındakı qüvvələr cəzalandırılmayıb. Rəsmi Bakının tələbi məhz bundan ibarətdir”. 

A.Nərimanlı səfirlikdə törədilən terror aktından sonra konsulluğumuza da hücumla bağlı çağırışları yada salır və rəsmi Bakının məhz bu səbəbdən İranla münasibətlərin bərpasına ehtiyatla yanaşdığını zənn edir. 

O, həmçinin İranla münasibətlərin normallaşmasının yalnız qarşı tərəfin təhdid xarakterli açıqlamalar verməyi dayandırmasından sonra mümkün olmasını məntiqli addım saydığını vurğulayıb.

Fərid Azəri