Bakıda saxlanılmış mafiya başçısı Şri-Lankaya ekstradisiya edilib - Video
Dünya
“Batuwatte Chamara” ləqəbli transmilli kriminal fiqurlarından biri hesab edilən mafiya lideri və narkobaron Manoj Suranqa Azərbaycanda saxlanıldıqdan sonra Şri-Lankaya təhvil verilib.
News24.az xəbər verir ki, Azərbaycan Respublikası DTX-nin əməliyyatla təsbit edib ələ keçirdiyi və ölkədən çıxarılan mafiya başçısını mayın 7-si Şri-Lanka hüquq mühafizə orqanının Bakıya gələn xüsusi qrupu ekstradisiya prosesini reallaşdıraraq ölkəsinə aparıb.
48 yaşlı kriminal avtoritet mayın 10-u axşam saatlarında Hindistanın Yeni Dehli şəhəri vasitəsilə Şri-Lankaya çatdırılıb.
İllərlə hüquq-mühafizə orqanlarından gizlənməyi bacaran cinayətkar əməllərini planlı şəkildə ört-basdır edib.
Əvvəlcə Dubayda yaşasa da, təxminən bir il əvvəl isə Azərbaycana gəlib.
Daha sonra Azərbaycanda aşkar edilərək saxlanılıb.
Şri Lanka Dövlət Kəşfiyyat Xidmətinin (SIS) mətbuata açıqlamasına görə, xüsusilə təhlükəli kriminalın tapılaraq saxlanılması əməliyyatı SIS ilə Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti arasında birgə əməliyyat əməkdaşlığı çərçivəsində həyata keçirilib.
Şri-Lanka polisinə görə mafiya başçısı silahlı hücumlar, sifarişli qətllər və mütəşəkkil cinayət fəaliyyətlərində ittiham olunur. Onun iri narkotika dövriyyəsi şəbəkəsinin təşkilatçısı olduğu bildirilir. İstintaqa görə, o, kristal metamfetaminin Şri-Lankaya daşınması və orada ticarət məqsədilə yayılması şəbəkəsinə rəhbərlik edib.
Şübhəlinin Hindistandakı kriminal qruplaşmalarla münasibətlərinin olduğu da iddia olunur.
Polis mənbələri onun təxminən 25 illik cinayət keçmişinə malik olduğunu açıqlayıb.
Məlumata görə, o, cinayət aləminə daxil olmazdan əvvəl model kimi işləməyə səy göstərib.
İlk dəfə qanunsuz silah qaçaqmalçılığı ittihamı ilə həbs edildikdən sonra orada yeraltı aləmə qoşulub və inkişaf edib.
Qeyd etmək lazımdır ki, son illərdə Azərbaycan beynəlxalq axtarışda olan bir sıra xarici kriminal avtoritetlərin saxlanıldığı ölkələrdən birinə çevrilib.
Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyatlar nəticəsində Hindistan və Pakistan əsilli müxtəlif cinayətkar qruplaşmaların üzvləri də məhz Bakıda tutulub.
Azərbaycan hüquq-mühafizə orqanlarının beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirdiyi əməliyyatlar ölkənin transmilli cinayətkarlığa qarşı mübarizədə etibarlı tərəfdaş olduğunu bir daha nümayiş etdirir. (Qafqazinfo)