Benksinin yeni işi Londonda peyda oldu – bu dəfə mesaj nədir?
Dünya
Britaniyalı “street-art” rəssamı Benksi Londonda yeni işini təqdim edib.
News24.az xəbər verir ki, əsər “Queen’s Mews” küçəsində, qarajların yanında yerləşən binanın divarına çəkilib. Qara-ağ təsvirdə qış geyimində olan iki uşaq arxası üstə uzanaraq ulduzlara baxır.
Rəssam yeni işinin fotosunu instaqram hesabında paylaşıb. “The Guardian” yazır ki, dekabrın 19-da eyni təsvir Londonun mərkəzindəki “Centre Point” qülləsinin yaxınlığında da peyda olub, lakin Benksi həmin ilk qraffitinin müəllifi olduğunu rəsmi şəkildə təsdiqləməyib.
“BBC”nin qeyd etdiyinə görə, “Centre Point” qülləsi uzun illər mənzil problemi ilə bağlı etirazların mərkəzi olub. 1966-cı ildə tikintisi başa çatan bina 10 ildən çox boş qalıb, hazırda isə orada elit mənzillər yerləşir. Mənbənin məlumatına görə, rəsm evsiz uşaqlar mövzusuna həsr olunub.
Qeyd edək ki, Benksi sosial və siyasi mövzulu küçə rəsm əsərləri ilə tanınır. Rəssamın əsl adı məlum deyil, o, fəaliyyətini anonim şəkildə davam etdirir. Onun ən bahalı əsəri “Love is in the Bin” (Sevgi zibil qutusundadır) adlı işi olub – bu əsər hərracda 25,4 milyon dollara satılıb. Benksi bundan əvvəlki işini sentyabr ayında təqdim edib. Həmin əsərdə o, Londonun Kral Məhkəmə Sarayının divarında mantiyalı hakimin etirazçını çəkiclə döydüyü səhnəni təsvir etmişdi.