“Bu, humanitar fəlakətdir” – iranlı rejissor dünyaya səsləndi

“Bu, humanitar fəlakətdir” – iranlı rejissor dünyaya səsləndi Dünya

Tanınmış iranlı kinorejissor Cəfər Pənahi dünya kino ictimaiyyətini İran etirazçıları ilə həmrəy olmağa çağırıb.

News24.az xəbər verir ki, ABŞ-də keçirilən “National Board of Review” (NBR) mükafatlarının təqdimetmə mərasimində Pənahinin Kann Film Festivalının qalibi olmuş “Sadə təsadüf” (“It Was Just an Accident”) filmi “Ən yaxşı beynəlxalq film” mükafatına layiq görülüb. Mükafatı qəbul edərkən uzun illərdir İran rejimi tərəfindən təzyiqlərə məruz qalan rejissor ölkəsində baş verən hadisələrlə bağlı sərt çıxış edib.

Pənahi bildirib ki, hazırda İran hakimiyyəti etirazçıları açıq şəkildə güllələyir və küçələrdə amansız zorakılıq baş verir:

“İran hakimiyyəti öz süqutunu gecikdirmək üçün bu qətliamı həyata keçirir. Mənim borcum dünyanın hər yerindən olan kinorejissorlara səslənməkdir – susmayın. Səsinizdən, səsinizin çatdığı bütün platformalardan istifadə edin. Öz hökumətlərinizdən müdaxilə tələb edin. Gözlərini yummağa imkan verməyin. Bu, humanitar fəlakətdir”, – deyə o vurğulayıb.

Qeyd edək ki, ötən həftə İran hakimiyyətinin ölkə üzrə interneti məhdudlaşdırmasından sonra Cəfər Pənahi və iranlı rejissor Məhəmməd Rəsulof beynəlxalq ictimaiyyətə və müstəqil mediaya birgə müraciət ediblər. Onlar bildiriblər ki, internetin kəsilməsi zorakılığın gizlədilməsi məqsədi daşıyır və siyasətçiləri, jurnalistləri iranlıların informasiya əldə etmək hüququnu bərpa etməyə kömək göstərməyə çağırıblar.