Bu ölkə sərhədlərini timsah və ilanlarla qoruyacaq
Dünya
Hindistanın Sərhəd Təhlükəsizlik Qüvvələri (BSF) dövlət sərhədlərinin qorunması üçün dünya hərb tarixində nadir rast gəlinən üsula əl atmağı planlaşdırır.
News24.az xəbər verir ki, çətin keçilən ərazilərdə təhlükəsizliyi təmin etmək üçün ilan və timsahlardan istifadə edilməsi təklif olunub.
Söhbət Hindistan və Banqladeş sərhədində yerləşən, sıx meşəlik, çay və bataqlıqlardan ibarət ərazilərdən gedir. Coğrafi şərait səbəbindən həmin bölgələrdə ənənəvi metal hasarların və ya elektron müşahidə sistemlərinin quraşdırılması texniki cəhətdən qeyri-mümkündür. Bu boşluqdan istifadə edən qaçaqmalçıların və qeyri-qanuni miqrantların qarşısını almaq üçün əraziyə yırtıcı sürünənlərin buraxılması gündəmdədir.
Hazırda bu təşəbbüs mütəxəssislər tərəfindən ciddi şəkildə araşdırılır. Əsas narahatlıq ondan ibarətdir ki, sərhədi qorumalı olan ilan və timsahlar yaxınlıqdakı kəndlərdə yaşayan dinc sakinlər üçün də ciddi həyati təhlükə yarada bilər. Həmçinin bu metodun ekosistemə təsirləri də müzakirə mövzusudur.
Qeyd edək ki, əgər layihə təsdiqlənərsə, Hindistan təbiəti birbaşa hərbi arsenalın bir hissəsinə çevirən ilk ölkələrdən biri olacaq./ The Hindu