Bu ölkə Trampın dəvətinə "yox" dedi: "Bu format bizə uyğun deyil"
Dünya
Yeni Zelandiya ABŞ Prezidenti Donald Trampın “Sülh Şurası”na qoşulmaq dəvətini qəbul etməyəcək.
News24.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Kristofer Laksen bildirib.
Baş nazir Kristofer Laksen elektron poçt vasitəsilə verdiyi açıqlamada bildirib ki, Yeni Zelandiya “Sülh Şurası”nın mövcud formatında ona qoşulmamaq qərarı verib.
Yeni Zelandiyanın xarici işlər naziri Uinston Piters isə “X” sosial şəbəkəsində paylaşımında qeyd edib ki, xüsusilə region ölkələri Şuranın Qəzza ilə bağlı roluna töhfə vermək üçün artıq addım atıblar və Yeni Zelandiya bu mərhələdə əhəmiyyətli əlavə dəyər qata bilməz.
Piters vurğulayıb ki, Birləşmiş Millətlər Təşkilatının aparıcı təsisçilərindən biri və uzunmüddətli tərəfdarı olan Yeni Zelandiya üçün Şuranın fəaliyyətinin BMT Nizamnaməsinə uyğun və onu tamamlayıcı olması vacibdir.
“Bu yeni qurumdur və onun hazırkı və gələcək səlahiyyət dairəsi ilə bağlı, eləcə də digər məsələlər üzrə aydınlığa ehtiyac var”, – deyə Piters əlavə edib.
Qeyd edək ki, Donald Tramp “Sülh Şurası”nı ötən həftə yaradıb. Şura ilkin olaraq Qəzzada kövrək atəşkəsin möhkəmləndirilməsi məqsədi daşısa da, Tramp onun gələcəkdə digər qlobal güclərlə bağlı məsələlərdə də daha geniş rol oynayacağını nəzərdə tutur.
Tramp onlarla dünya liderini Şuraya qoşulmağa dəvət edib. Türkiyə, Misir, Səudiyyə Ərəbistanı və Qətər də daxil olmaqla Yaxın Şərq ölkələri, eləcə də İndoneziya kimi iri inkişaf etməkdə olan dövlətlər bu təşəbbüsə qoşulublar.