Bu ölkədə 6 günlük iş həftəsi ləğv edilir, iş saatları 40 saata endirilir
Dünya
Braziliya Prezidenti Luiz İnasio Lula da Silva ölkədə altıgünlük iş həftəsinin ləğvini və həftəlik iş saatlarının azaldılmasını nəzərdə tutan qərarı təsdiqləyib.
News24.az xəbər verir ki, yeni qaydalara əsasən, işçilər həftədə beş gün işləyəcək və iki gün ödənişli istirahət edəcəklər.
Həftəlik iş vaxtının hazırkı 44 saatdan mərhələli şəkildə 40 saata endirilməsi nəzərdə tutulur.
Dəyişikliklərə əsasən, 16 dekabr 2026-cı ildən həftəlik iş vaxtı 42 saat, 16 dekabr 2027-ci ildən isə 40 saat olacaq. Yeni qaydalar şəhər və kənd təsərrüfatı sahələrində, eləcə də ev təsərrüfatlarında çalışan işçilərə şamil ediləcək.
Qərara görə, iş saatlarının azaldılması əməkhaqqının aşağı salınmasına səbəb olmayacaq. İstirahət günlərinin ardıcıl olması isə məcburi deyil.
Braziliya hökuməti dəyişikliklərin işçilərin həyat keyfiyyətinin yaxşılaşdırılmasına, ailələrinə və şəxsi həyatlarına daha çox vaxt ayırmalarına xidmət etdiyini bildirib.