Ceki Çan "20 milyon dollara" görə Azərbaycana gəlir
Dünya
Dünyaca məşhur aktyor Ceki Çan ilk dəfə Qazaxıstanda film çəkəcək.
News24.az xəbər verir ki, “Tanrının Zirehi 4: Ultimatum” adlı ekran işinin çəkilişlərinə iyul ayında start veriləcək, filmin isə 2027-ci ilin ikinci rübündə dünya üzrə nümayişi planlaşdırılır.
Filmin rejissoru Robert Kun olacaq. Çəkilişlərin Qazaxıstanla yanaşı Azərbaycanda da aparılması nəzərdə tutulur.
Ekran işi Ceki Çanın canlandırdığı “Asiya Şahini” obrazının macəralarının davamını əks etdirir.
Süjet qədim “Tumar” artefaktı uğrunda başlayan və mükafatı 20 milyon dollardan çox olan qlobal axtarışdan bəhs edir.
Ceki Çan bildirib ki, bu, onun qazax tərəfdaşlarla ilk layihəsidir və sonuncu olmayacaq. O, həmçinin Qazaxıstanda ilk dəfə çəkiliş aparacağını və bunun ona yeni yaradıcı imkanlar açdığını qeyd edib.
“Tanrının Zirehi” franşizasının ilk filmi 1986-cı ildə nümayiş olunub. Daha sonra “Tanrının Zirehi 2: Kondor Əməliyyatı” və “Çin Bürcü” filmləri ekranlara gəlib.
Qeyd edək ki, Azərbaycandakı çəkilişlər Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyinin dəstəyi ilə həyata keçiriləcək. /Variety/