Danimarkadan gözlənilməz qərar: NATO-da ilk dəfə yaşanacaq
Dünya
Ukrayna ilk dəfə olaraq NATO ölkəsi ərazisində hərbi istehsal quracaq.
News24.az xəbər verir ki, bu barədə “BILD” nəşri məlumat yayıb.
Danimarkanın cənubundakı Vöyens qəsəbəsində Ukraynanın raket yanacağı istehsal edəcəyi zavodun təməli qoyulub. Tədbirdə Danimarkanın iqtisadiyyat naziri Morten Bedskov, bələdiyyə rəhbəri Mads Skau və Ukraynanın “Fire Point” şirkətinin Danimarka bölməsinin direktoru Vyaçeslav Bondarçuk iştirak edib.
Beləliklə, Danimarka Ukrayna müdafiə sənayesinə öz ərazisində istehsal sahəsi yaratmağa icazə verən ilk NATO dövləti olur. Bu məqsədlə rəsmi Kopenhagen və Kiyev arasında il ərzində xüsusi razılaşmalar imzalanıb.
“Fire Point” şirkəti “Skryudstrup” aviabazasının yaxınlığında hərbi təyinatlı bərk raket yanacağı istehsal etməyi planlaşdırır. İstehsalın Danimarkada yerləşdirilməsi zavodu mümkün Rusiya hücumundan qorumuş olacaq. Zavodun 2026-cı ildə fəaliyyətə başlaması gözlənilir.
Lakin layihə mübahisələrə səbəb olub. Danimarka mediasının yazdığına görə, yerli sakinlər təhlükəsizliklə bağlı narahatdır və Rusiyanın mümkün diversiya cəhdlərindən ehtiyat edirlər.