Duman qəzaya səbəb oldu – 13 nəfər yaralandı
Dünya
Türkiyənin Ərzurum və Kars şəhərlərində sıx duman nəqliyyatı iflic edib.
News24.az-ın məlumatına görə, Ərzurumda sərnişin avtobusunun yük maşını ilə toqquşması nəticəsində 13 nəfər xəsarət alıb. Yaralıların vəziyyətinin qənaətbəxş olduğu bildirilib.
Gecə saatlarında temperaturun mənfi 5 dərəcəyə enməsi avtomobillərin şüşələrinin donmasına səbəb olub. Şəhər sakinləri dumanın çox sıx olduğunu və görmə məsafəsinin bir neçə metrdən artıq olmadığını deyiblər.
Karsda da oxşar vəziyyət yaşanıb. Səhər saatlarından etibarən duman görmə məsafəsini 10 metrədək azaldıb və avtomobillərin üzərində buz əmələ gəlib. Sürücülər buz tutan maşın şüşələrini təmizləməkdə çətinlik çəkiblər. Polis sürücülərə sürətə və məsafəyə ciddi diqqət yetirməyi tövsiyə edib. Meteorologiya duman və buzlanmanın gün ərzində davam edəcəyini açıqlayıb.