Ebola daha bir vilayətə yayıldı – Ölənlərin sayı 2 mini keçdi
Dünya
Konqo Demokratik Respublikasında davam edən Ebola epidemiyası daha bir vilayətə yayılıb. Ölkədə təsdiqlənmiş yoluxma hallarının sayı 4 665-ə çatıb.
News24.az xəbər verir ki, Səhiyyə Nazirliyinin məlumatına görə, ölkənin şimalındakı Bas-Uele vilayətinin Buta səhiyyə bölgəsi epidemiyanın yayıldığı ərazilər siyahısına əlavə edilib. Bununla da xəstəliyin qeydə alındığı bölgələrin sayı 54-ə yüksəlib.
Hazırda epidemiya Bas-Uele, Haut-Uele, İturi, Şimali Kivu, Cənubi Kivu və Tşopo olmaqla 6 vilayəti əhatə edir. Ölkənin şimal-şərqində yerləşən İturi vilayəti isə epidemiyanın əsas mərkəzi olaraq qalır.
Məlumata görə, təsdiqlənmiş 4 665 yoluxma halından 2 184-ü ölümlə nəticələnib. Beləliklə, xəstəliyin ölüm göstəricisi 46,8 faiz təşkil edib. Epidemiyanın başlanmasından bu yana 965 nəfər isə sağalıb.
Qeyd edək ki, Konqo Demokratik Respublikasında Bundibuqyo virus növünün səbəb olduğu Ebola epidemiyası mayın 15-də rəsmi olaraq elan edilib. (Yeni Sabah)