Emənistanda dəhşətli qətl - Ata 3 yaşlı oğlunu öldürdü
Dünya
Ermənistanda bir həftədir axtarılan üç yaşlı Tiqran Ovanesovu onun öz atası qətlə yetirib.
News24.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə ilkin istintaq məlumatlarını açıqlayan ölkənin daxili işlər naziri Arpine Sarkisyan bildirib.
İstintaqın versiyasına görə, hadisə günü azyaşlı oğlan böyük qardaşı ilə birlikdə evdən çıxıb və həyətdə atası ilə rastlaşıb. Ata və övladları arasında mübahisə yaranıb. Bu zaman şübhəli kiçik oğlunu boğaraq öldürüb.
Tiqranın beş yaşlı qardaşının səhhətində problemlər var və o, ifadə verməkdə çətinlik çəkir. Lakin nazirin sözlərinə görə, mütəxəssislər onun reaksiyalarını qeydə alıb və bu, hadisələrin ardıcıllığını bərpa etməyə kömək edib.
Sarkisyan əlavə edib ki, ata bundan öncə ailəsində mübahisələrin olduğunu bildirib. Məlum olub ki, o, cinayətin izlərini gizlətmək məqsədilə uşağın meyitinin yerini bir neçə dəfə dəyişib.
Hazırda qətl hadisəsinin detallarını müəyyən etmək üçün istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, Tiqran Ovanesov oktyabrın 27-də itkin düşüb. Onun axtarışlarında 500-ə yaxın xilasedici, polis və könüllü iştirak edib. İstintaq Komitəsi “qətl” maddəsi ilə cinayət işi açıb.
Noyabrın 2-də uşağın meyiti Ovanesovlar ailəsinin yaşadığı Geğarkunik vilayətində tapılıb.