Epşteyn uzun illər Putinlə buna görə görüşmək istəyib
Dünya
Maliyyəçi Ceffri Epşteyn uzun illər ərzində Rusiya prezidenti Vladimir Putinlə maliyyə bazarlarını müzakirə etmək üçün görüşə nail olmağa çalışıb.
News24.az xəbər verir ki, 2014-cü ilin oktyabrında Epşteynin elektron poçtuna ABŞ Maliyyə Nazirliyinin əməkdaşından məktub gəlib. Həmin şəxsin adı qurumun tələbi ilə dərc olunmuş sənədlərdə gizlədilib. Məktubda görüşün təşkil edilməsi təklif olunub.
“Mən Putinlə danışdım. Əminəm ki, siz bir-birinizi bəyənəcəksiniz”, – deyə məktubda qeyd olunub.
Adı açıqlanmayan şəxs yazıb ki, Putin görüş zamanı “XXI əsrin maliyyə bazarları, rəqəmsal valyutalar və derivativlər” mövzusunu müzakirə etməkdən çox məmnun olardı.
Epşteyn keçmiş “Goldman Sachs” şirkətinin baş hüquq müşaviri Keti Rümmlyer ilə yazışmasından sonra həmin vaxt Putinlə görüşdən imtina edib.
“Lakin Epşteynin Putinə və Rusiyaya marağı azalmayıb. Sənədlər Putinin adının məlumat bazasında təxminən 1000 dəfə çəkilməklə, onunla şəxsi görüş təşkil etmək üçün illərlə aparılan cəhdlərini əks etdirir”, – deyə qeyd edilib.
Bundan əvvəl məlum olub ki, Epşteyn 1998-ci ildə Rusiyanın nüvə mərkəzi olan Sarov şəhərinə səfər edib. Həmin səfərdə Bill Qeytsin “Microsoft”dakı müşaviri Natan Mirvold da iştirak edib. O vaxt sahibkarlar Rusiyanın elmi potensialını və nüvə elmi şəhərciklərinə investisiya imkanlarını araşdırıblar. (Bloomberg)