Epşteynin qurbanlarından üzr istədi
Dünya
Böyük Britaniyanın Baş naziri Kir Starmer qalmaqallı maliyyəçi Ceffri Epşteynin qurbanlarından üzr istəyib.
News24.az xəbər verir ki, bu barədə “The Daily Mail” məlumat yayıb.
Starmer bildirib ki, Peter Mandelson ABŞ-yə Böyük Britaniyanın səfiri vəzifəsinə namizədliyi yoxlanılarkən Epşteynlə dostluğunun səviyyəsi barədə həqiqəti gizlədib.
Baş nazir əlavə edib ki, Mandelsonun yoxlanma prosesi ilə bağlı sənədlər mümkün olan ən qısa müddətdə açıqlanacaq. O həmçinin bu məsələ ilə bağlı gecikmələrə görə polisi tənqid edib.
“The Daily Mail”in məlumatına görə, keçmiş səfir Vaşinqtonda çalışdığı dövrdə məxfi məlumatları amerikalı maliyyəçi ilə bölüşüb. Bildirilir ki, bu məlumatlar Epşteynə maliyyə bazarlarında milyonlarla funt sterlinq qazanc əldə etməyə imkan verib.
Qeyd edək ki, yanvarın 30-da ABŞ Ədliyyə Nazirliyi Epşteynin işi ilə bağlı 3 milyondan çox səhifə sənədin yayımlandığını açıqlayıb. Materiallar arasında çoxsaylı sübutlar və fotoşəkillər də yer alır.
Epşteyn 2002–2005-ci illərdə Nyu-Yorkdakı evinə və şəxsi adasına azyaşlı qızları dəvət etməkdə ittiham olunurdu. Araşdırmalar zamanı ən azyaşlı qurbanın 14 yaşında olduğu müəyyən edilib. Maliyyəçi 2019-cu ilin avqustunda həbsxana kamerasında huşsuz vəziyyətdə tapılıb və onun həyatını xilas etmək mümkün olmayıb.