Epşteyn işi: Maskla bağlı elə sənədlər üzə çıxdı ki…
Dünya
ABŞ-nin Ədliyyə Nazirliyi tərəfindən yayımlanan yeni sənədlərdə İlon Maskın Cefri Epşteyn ilə yazışmaları ortaya çıxıb.
News24.az xəbər verir ki, 2012-ci ilin məktublarına əsasən, Mask Epşteynin adasındakı “ən dəli əyləncə gecəsi”nə maraq göstərib və oraya səfər planlarını müzakirə edib. Bir mesajda Epşteyn Maskdan neçə nəfərlik helikopter istədiyini soruşub, Mask isə cavab verib: “Yəqin ki, yalnız Talula və mən”.
Qeyd edək ki, bu, o dövrdə onun həyat yoldaşı olan aktrisa Talula Rileyyə işarədir.
Eyni ilin dekabrında Mask yenidən Epşteynə yazıb və adaya səfər üçün münasib vaxtı soruşub. Epşteyn cavab verərək bildirib ki, “sənin üçün həmişə yerimiz var” və konkret tarixlər təklif edib. Sənədlərdən səfərin baş tutub-tutmadığı aydın deyil.
Yazışmalar ictimailəşdirildikdən sonra Mask “X” sosial şəbəkəsində açıqlama verərək bildirib ki, Epşteynlə onun arasında çox az yazışma olub və o, adaya getmək və ya təyyarəsi ilə uçmaq təklifləri rədd edib. Milyarder bəzi məktubların yanlış təfsir edilə biləcəyini və diskreditasiya məqsədilə istifadə oluna biləcəyini vurğulayıb.