Ermənistan bu kəndi Gürcüstana təhvil verir? - Açıqlama

Ermənistan bu kəndi Gürcüstana təhvil verir? - Açıqlama Dünya

Ermənistan hökuməti ölkənin şimalında, Gürcüstanla sərhəddə yerləşən Ciliza kəndinin Alaverdi iri icmasına aid hissəsinin sərhəd demarkasiyası çərçivəsində Gürcüstana verilməsi ilə bağlı yayılan şayiələri təkzib edib.

News24.az xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin mətbuat katibi Nazeli Bağdasaryan sosial şəbəkə hesabında açıqlama verib.

“Ermənistan Respublikasının suveren ərazisinin hər hansı hissəsinin başqa bir ölkəyə verilməsi ilə bağlı niyyət, proqram və ya razılaşma haqqında istənilən bəyanat və ya məlumat reallığa uyğun ola bilməz”, - deyə o bildirib.

Qeyd edək ki, ötən gün Ermənistanın baş naziri Nikol Paşinyan Sərhəd Qoşunlarının yaradılması ilə bağlı tədbirdə çıxış edərkən Ermənistan–Azərbaycan sərhədinin demarkasiyası ilə yanaşı, Gürcüstanla sərhədin də dəqiqləşdirilməsi prosesinin gündəmdə olduğunu və bu barədə Gürcüstan tərəfi ilə razılaşmanın mövcud olduğunu bildirib.