Ermənistanda ölüm hökmünü bərpa etmək istəyirlər - Seçki vədi
Dünya
Ermənistanın “Alyans” partiyasının nümayəndələri seçkiqabağı vədlərindən birini açıqlayıblar.
News24.az xəbər verir ki, partiya nümayəndələri dövlətə xəyanət, xüsusilə böyük məbləğdə mənimsəmə və digər ağır cinayətlərə görə ölüm hökmünün qanunvericilik səviyyəsində bərpasını təklif ediblər.
“Alyans” partiyasının rəhbəri, keçmiş deputat Tiqran Urixanyan seçki proqramında sosial, hüquqi və təhlükəsizlik məsələləri ilə yanaşı, hakimiyyətə qarşı qanuni, lakin sərt cəza tətbiq olunacağı vədini xüsusi vurğulayıb.
Onun sözlərinə görə, hazırkı hakimiyyət saxta inqilab, təhrik edilmiş müharibə, Qarabağın təslim edilməsi, Ermənistan ərazilərinin verilməsi, 8 milyard dolların mənimsənilməsi, xarici borcun artırılması kimi ittihamlara görə məsuliyyətə cəlb edilməlidir.
Qeyd edək ki, Tiqran Urixanyan əvvəlki hakimiyyəti Nikol Paşinyanı hakimiyyətə gətirdiklərinə görə kəskin tənqid edir. Mövcud baş nazirə münasibətdə isə o, radikal mövqe sərgiləyir.
Maraqlıdır ki, Urixanyan anti-hökumət çağırışlarına görə axtarışa verilsə və Ermənistan hüdudlarından kənarda olsa da, siyasi fəaliyyətini davam etdirir və seçkilərdə iştirak etməyə hazırlaşır.
Bundan başqa, Urixanyan Moskvadakı universitetlərdən birində təhsil aldığı üçün Ermənistanda daimi yaşayış statusunu saxlaya bilib.
Qanuna görə bu, ölkədə olmamasına əsaslı səbəb sayılır və seçkilərdə iştirakına mane olmur.
Digər maraqlı məqam isə seçkilərə həsr olunan konfransda Ermənistan hüquq-mühafizə orqanları tərəfindən axtarılan məşhur kriminal avtoritet Artur Asatryanın (Don Pipo) da iştirak etməsidir.