Fransanın cənubunda meşə yanğını təhlükəsi: 5 bölgədə XƏBƏRDARLIQ
Dünya
Fransada isti və quraq hava şəraiti səbəbindən ölkənin cənubundakı 5 bölgədə meşə yanğını ilə bağlı ən yüksək təhlükə səviyyəsi elan edilib.
News24.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti Aude, Gard, Buş-dü-Ron, Var və Voklüz bölgələrində yanğın riskinin çox yüksək, daha 30 bölgədə isə yüksək olduğunu açıqlayıb.
Hazırda ölkənin müxtəlif ərazilərində meşə yanğınları davam edir. Var bölgəsində təxminən 200 hektar, Yuxarı Korsikada isə ümumilikdə 570 hektar ərazi yanıb. Vendee sahilində baş verən yanğınlar səbəbindən iki düşərgədən 2 700 nəfər təxliyə edilib.
Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, ilin əvvəlindən ölkədə 40 min hektara yaxın meşə və bitki örtüyü yanaraq məhv olub. Bu göstərici ötən ilin ümumi nəticəsini, eləcə də, 2022-ci ildə qeydə alınan səviyyəni geridə qoyub.