"Həbsxanada çəkim 35 kiloya düşmüşdü, qayıdanda..."

"Həbsxanada çəkim 35 kiloya düşmüşdü, qayıdanda..." Dünya

Suriyada devrilmiş Bəşər Əsəd rejiminin həbsxanalarında illərlə ağır işgəncələrə məruz qalan 41 yaşlı Qasım Məhəmməd Əhdər yaşadığı dəhşətləri “Anadolu” agentliyinə danışıb.

News24.az xəbər verir ki, onun sözlərinə görə, həbs müddətində çəkisi təxminən 95 kiloqramdan 35 kiloqrama enib, 2019-cu ildə qaçıb evə qayıdanda isə övladları və yaxınları onu tanımayıb.

Dəməşqin Dərəyya rayonundan olan Əhdər 2014-cü ildə ailəsinin gözü qarşısında saxlanılıb. Bombardman və təqiblər səbəbindən Dərəyyadan Səhnəyaya köçməyə məcbur qalan ailənin taleyi rejim qüvvələrinin basqınından sonra tamamilə dəyişib. Əhdər bildirib ki, saxlanıldığı vaxt təxminən 50 yaşında və səhhəti zəif olan anası da inqilabçılara yemək bişirmək iddiası ilə həbs edilib, onun taleyindən hələ də xəbər yoxdur.

Səhnəyadakı təhlükəsizlik şöbəsində 3-4 ay saxlanılan Əhdər qardaşı və silahlı qruplarla əlaqə ittihamı ilə dindirilib.

O, adı əvəzinə “51” nömrəsi ilə çağırıldığını, qadın məhbuslara qarşı zorakılığa şahid olduğunu və dindirilmə zamanı amansız işgəncələrə məruz qaldığını deyib: “Məni dindirilməyə gətirdilər və soruşdular ki, “Nə etiraf edəcəksən?”

Cavab verdim ki, “Nə istəyirsən, soruş, cavab verəcəyəm”.

Dedilər ki, “Xeyr, özün etiraf edəcəksən. Amma əvvəl bir az gözlə, səninlə işimiz var”.

Sonra amansızcasına hücum etdilər, döydülər, üstümə su tökdülər və lağa qoydular. Bədənimə burğacla deşiklər açırdılar. Həmin yaraların izləri hələ də qalır. Qollarımdan tavandan asırdılar, huşumu itirəndə üzərimə su töküb işgəncəni davam etdirirdilər”.

Daha sonra Dəməşqin Mezze rayonundakı 35-ci şöbəyə, ardınca Adra və Hama həbsxanalarına köçürülən Əhdər oradakı vəziyyəti belə təsvir edib: “İnsanlar həbsxanada ayaqyalın və çılpaq idilər. Heç bir şeyləri yox idi. Ayaqqabısız, paltarsız gəzirdilər. İnsanlar yeridikcə özlərini bulayırdılar. Çibanlar və yaralar təsəvvürəgəlməz idi”.

Ağır şərait və işgəncələr səbəbindən onun çəkisi 95 kiloqramdan 35 kiloqrama düşüb.

Əhdər həbs edildikdən cəmi dörd gün sonra qızı Fərəh dünyaya gəlib. Lakin həyat yoldaşı Rəqəd Sasanın da bir il 215-ci şöbədə saxlanılması səbəbindən ailə uzun müddət bir-birindən ayrı qalıb. Yeni doğulan qıza qayınanası baxıb.

“Bu vəziyyət məni sarsıtdı. Özümə daim sual verirdim: “Əgər mən terrorçuyamsa, məni niyə həbs etdilər? Həyat yoldaşımın günahı nə idi? Hansı maddə ilə saxlanılmışdı? Sadəcə həyat yoldaşım olduğuna görə?” – deyə Əhdar vurğulayıb.

2017-ci ildə həbsdən çıxarılsa da, Əhdər azadlığa buraxılmayıb və zorla orduya çağırılaraq Deyr-əz-Zora göndərilib. O, 2019-cu ildə hərbi xidmətdən qaçaraq evinə dönüb. İllər sonra qapını döyəndə onu qarşılayan qızı atasını tanımadığı üçün qorxudan qaçıb: “Evə qayıdanda uşaqlarım məni görəndə qaçdılar. Məni tanımadılar. Hətta əmim də tanımadı. Özümü qərib kimi hiss edirdim. Ailəmin, qohumlarımın arasında oturmuşdum, amma özümü əcnəbi kimi hiss edirdim”.

Əhdərin sözlərinə görə, hətta illər keçəndən və rejim devrildikdən sonra da keçmişin izləri tam silinməyib: “Allaha şükür ki, indi bir yerdəyik və deyirik ki, keçmişi unudaq. Amma yaşadıqlarımı unuda bilmirəm. Hətta indi də qızım Fərəh yanıma gələndə mənə qarşı məsafəli davranır. Hər evdə bir yara var. Ölkə hər cür çirk və pislikdən təmizləndikcə bu yaraların sağalmasını arzulayıram. Normal həyat yaşamaq istəyirəm. Kaş uşaqlarımız bizim yaşadıqlarımızı görməsinlər”.

Hazırda müharibədə böyük ölçüdə dağılmış evlərinin bir otağında yaşayan Əhdər qeyri-rəsmi işlərdə çalışaraq ailəsini dolandırır.