Almaniyada hərbi xidmətlə bağlı qərar verildi, məktəblilər etirazlara başladı
Dünya
Almaniyada məktəblilər hərbi xidmətə çağırışa qarşı etiraz etmək üçün küçələrə çıxıblar. Aksiyalar həm Berlin və Leypsiq kimi böyük şəhərlərdə, həm də kiçik yaşayış məntəqələrində keçirilib.
News24.az xəbər verir ki, “Der Spiegel”in məlumatına görə, aksiyaya yüzlərlə şagird qoşulub.
Təkcə Berlində etirazçıların sayı üç min nəfəri keçib. Aksiyalara azyaşlı uşaqların valideynləri və ibtidai sinif şagirdləri də qatılıb.
Etirazlar dərs vaxtına təsadüf etdiyindən bəzi regionlarda məktəblilər bir-iki dərs saatını buraxaraq nümayişə qoşulublar.
Etirazların alovlanmasına səbəb Bundestaqın hərbi çağırışla bağlı islahatı qəbul etməsi olub. Yeni qaydalara əsasən, gənclər 18 yaşı tamam olduqda məcburi tibbi müayinədən keçməli olacaqlar.
“Deutsche Welle” yazır ki, hərbi xidmət könüllü olaraq qalacaq, lakin əgər orduda şəxsi heyət çatışmazlığı yaranarsa, hökumət gəncləri püşkatma yolu ilə xidmətdə iştirak etməyə çağırmaq imkanı əldə edəcək.