Hollivud əfsanəsi ilk "Qremmi"sini qazandı
Dünya
Amerikalı rejissor Stiven Spilberq əyləncə sənayesində dörd əsas mükafata — “Emmi”, “Qremmi”, “Oskar” və “Toni”yə sahib olanları birləşdirən EGOT siyahısına daxil edilib.
News24.az xəbər verir ki, bu barədə “The Hollywood Reporter” jurnalı məlumat yayıb.
Spilberq ilk “Qremmi” mükafatını “Con Uilyamsın musiqisi” adlı sənədli filmin prodüseri kimi qazanıb. Sözügedən film eyni zamanda “ən yaxşı musiqili film” seçilib. Daha əvvəl rejissor “Sakit okean”, “Silahdaş qardaşlar”, “Pinki və Breynin qeyri-adi Miladı” və “Oğurlananlar” mini-seriallarındakı prodüser işi ilə dörd dəfə “Emmi” mükafatına layiq görülüb.
Bundan başqa, Spilberqin aktivində “Qəribə dövrə” (“Strange Loop”) müziklinə görə qazandığı “Toni” mükafatı, eləcə də “Şindlerin siyahısı” və “Əsgər Rayanı xilas etmək” filmlərinə görə üç “Oskar” mükafatı var.
“Qremmi” mükafatı Spilberq üçün bu kateqoriyada həm ilk qələbə, həm də karyerası ərzində ilk nominasiya olub. Rejissor bildirib ki, bu uğur ilk növbədə bəstəkar Con Uilyamsın töhfələri ilə bağlıdır və onun dünya mədəniyyəti və musiqisinə təsirini qiymətləndirmək mümkün deyil.
Hazırda EGOT statusuna cəmi 21 nəfər sahibdir. Bu siyahıya Cennifer Hadson, Rita Moreno, Vayola Devis, Odri Hepbern, Vupi Qoldberq, rejissor Mel Bruks, müğənnilər Elton Con və Con Ledjend, həmçinin bəstəkarlar Endryu Lloyd Uebber, Riçard Rocers, Alan Menken, Benj Pasek və Castin Pol daxildir.