İlon Maskdan şok sözlər: "Epşteyn işi" ilə bağlı vəd verdi
Dünya
Amerikalı sahibkar İlon Mask məhkəmədə "Epşteyn işi" üzrə ifadə verməyə razılaşan hər kəsin vəkil xərclərini ödəyəcəyini vəd edib.
News24.az xəbər verir ki, Mask Epşteynin müştərilərinin siyahısının indiyədək rəsmi şəkildə dərc olunmaq üçün ABŞ Konqresinə təqdim edilməməsinin səbəbi ilə bağlı təəccübünü ifadə edib.
Onun bu açıqlaması maliyyəçinin çevrəsi ilə əlaqəli yüksək vəzifəli şəxslər barədə çoxsaylı şayiələr fonunda geniş rezonans doğurub.
Ceffri Epşteyn 6 iyul 2019-cu ildə Nyu-Yorkda yetkinlik yaşına çatmayanların cinsi istismarı şəbəkəsini təşkil etməkdə ittiham olunaraq həbs edilib. Prokurorluğun əlində onun 2002–2005-ci illərdə Manhettendəki malikanəsinə onlarla qızı cəlb etdiyini göstərən sübutlar olub.
Epşteynin əməllərindən zərərçəkənlərin ən kiçiyinin 14 yaşı olduğu bildirilib. Epşteynin tanışları arasında keçmiş prezidentlər, iri biznesmenlər və məşhurlar yer alıb.
Maliyyəçi barəsində cinayət işi 2019-cu ilin avqustunda həbsxana kamerasında ölümündən sonra dayandırılıb. Rəsmi versiyaya görə, o intihar edib.
Bununla belə, Epşteynin şəxsiyyəti və əlaqələri ətrafında hələ də çoxlu cavabsız suallar qalır. /TASS