İran Prezidentinin köməkçisi vətəndaşlardan üzr istədi

İran Prezidentinin köməkçisi vətəndaşlardan üzr istədi Dünya

İran Prezidentinin Elm, Texnologiya və Biliklərə Əsaslanan İqtisadiyyat üzrə köməkçisi Hüseyn Afşin ölkədə son günlər müşahidə olunan internet kəsintiləri ilə bağlı vətəndaşlardan üzr istəyib.

News24.az xəbər verir ki, Afşin hökumətə qarşı kütləvi etirazlardan sonra yanvarın 8-dən etibarən tətbiq edilən internet məhdudiyyətlərinin bir sıra sahələrə ciddi mənfi təsir göstərdiyini bildirib.

İran Gənc Jurnalistlər Klubu Xəbər Agentliyinə (YJC) açıqlama verən Afşin ölkədə internet bağlantısının mövcud vəziyyətini dəyərləndirib. O qeyd edib ki, internet kəsintiləri xüsusilə rəqəmsal iqtisadiyyat sahəsində fəaliyyət göstərən informasiya əsaslı şirkət və firmalara ciddi zərər vurub:

“Bu dövrdə yaşanan kəsintilər və texniki pozuntulara görə şirkətlərimizdən üzr istəyirik”.

Hüseyn Afşin internetə çıxış problemləri səbəbindən fəaliyyəti pozulan universitet müəllimləri və tədqiqatçılara da toxunub:

“Bəzi doktorantların dissertasiya müdafiələri internet kəsintiləri səbəbindən təxirə salınıb. Yaranmış bu narahatlığa görə akademik ictimaiyyətdən səmimi qəlbdən üzr istəyirik”, – deyə o bildirib.

Qeyd edək ki, vitse-prezident yanvarın 19-da verdiyi açıqlamada internetin həftəsonunadək normal vəziyyətə qayıdacağını bəyan etmişdi.

İranın Rabitə və İnformasiya Texnologiyaları naziri Seyid Səttar Haşimi isə yanvarın 26-da bildirib ki, yanvarın 8-dən başlayan internet kəsintiləri ölkə iqtisadiyyatına gündəlik təxminən 34,5 milyon dollar ziyan vurur.

Təxminən 22 gündür internetin məhdudlaşdırıldığı İranda ümumi iqtisadi zərərin 759 milyon dollardan çox olduğu ehtimal edilir.