İrandan Türkiyəyə ballistik raket atıldı
Dünya
İrandan atılan və İraq ilə Suriya hava məkanını keçdikdən sonra Türkiyə hava məkanına doğru istiqamətləndiyi müəyyən edilən bir balistik raket Şərqi Aralıq dənizində yerləşdirilmiş NATO hava hücumundan müdafiə qüvvələri tərəfindən vaxtında hədəfə alınaraq zərərsizləşdirilmişdir.
News24.az xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Hatay vilayətinin Dördyol rayonunda düşən parçaların hava hücumundan müdafiə sursatına aid olduğu müəyyən edilib:
“Hadisə nəticəsində hər hansı insan itkisi və ya xəsarət qeydə alınmayıb.
Ölkəmizin və vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək istiqamətində imkanlarımız ən yüksək səviyyədədir. Türkiyə təhlükənin haradan və kimdən gəlməsindən asılı olmayaraq, öz ərazilərinin və vətəndaşlarının təhlükəsizliyini təmin etməyə qadirdir.
Torpaqlarımızın və hava məkanımızın müdafiəsi üçün bütün addımlar qətiyyətlə və tərəddüdsüz atılacaq.
Ölkəmizə qarşı düşməncəsinə atılan istənilən addıma cavab vermək hüququmuzun saxlanıldığını xatırladırıq. Bütün tərəfləri münaqişələrin regionda daha da genişlənməsinə səbəb ola biləcək addımlardan çəkinməyə çağırırıq.
Bu çərçivədə NATO və digər müttəfiqlərimizlə məsləhətləşmələri davam etdirəcəyik”.(axar)