İsrail bu əraziləri Livana qaytarır
Dünya
İsrail yaxın günlərdə nəzarətində olan Livan ərazilərinin bir hissəsini Beyruta qaytarmağa hazırlaşır.
News24.az xəbər verir ki, bu barədə CNN telekanalı ABŞ administrasiyasındakı adının açıqlanmasını istəməyən nümayəndəyə istinadən məlumat yayıb.
Hazırda İsrailin nəzarətində olan ilk "pilot zona" bir neçə gün ərzində Livanın nəzarətinə veriləcək.
"Növbəti pilot zonalar xəritələrdə müəyyən edilib. ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) tərəqqiyə nail olmaq üçün hər iki ölkə ilə əməkdaşlıq edir", - deyə telekanal bildirib.
ABŞ administrasiyasının nümayəndəsi əlavə edib ki, Vaşinqton yaxın vaxtlarda beynəlxalq tərəfdaşlarla əlaqə saxlayaraq Livan hökumətinə bu zonalarda və ümumilikdə ölkə ərazisində suverenliyini səmərəli şəkildə bərpa etməyə yardım göstərməyə başlayacaq.
Məlumata görə, bu məsələ ilə bağlı tərəflər arasında qapalı formatda növbəti danışıqlar gələn həftə Romada keçiriləcək.
Qeyd edək ki, iyunun 26-da Livan və İsrail ABŞ-nin vasitəçiliyi ilə Vaşinqtonda keçirilən beş raund danışıqlardan sonra çərçivə sazişi imzalayıblar.
Sazişə əsasən, Livan Silahlı Qüvvələri mərhələli şəkildə ölkənin bütün ərazisi üzərində tam və səmərəli suveren nəzarəti bərpa edəcək.
Hökumətə tabe olmayan silahlı qruplaşmalar tərksilah ediləcək və onların hərbi infrastrukturu ləğv olunacaq. Bu isə İsrail qoşunlarının Cənubi Livandan çıxarılması üçün şərait yaratmalıdır.