"İsrail dövlətini dərhal tanıyacağıq" - Pəhləvi görəcəyi işləri açıqladı
Dünya
“İranın nüvə hərbi proqramına son qoyulacaq. Terrorçu qruplara dəstək dərhal dayandırılacaq. Azad İran regional və qlobal tərəfdaşlarla birlikdə terrorizmə, mütəşəkkil cinayətkarlığa, narkotik qaçaqmalçılığına və islam ekstremizminə qarşı mübarizə aparacaq”.
News24.az xəbər verir ki, bu sözləri İranın son şahının böyük oğlu Rza Pəhləvi İslam Respublikasının devrilməsindən sonra yaradılacaq dünyəvi dövlətin əsas siyasi xətti ilə bağlı X sosial şəbəkəsində yazıb.
Pəhləvi bildirib ki, İran bölgədə dost və sabitləşdirici qüvvə kimi çıxış edəcək və qlobal təhlükəsizlikdə məsuliyyətli tərəfdaş olacaq.
“ABŞ ilə münasibətlər normallaşdırılacaq və Amerika dövləti və xalqı ilə dostluq bərpa ediləcək. İsrail dövləti dərhal tanınacaq. Biz “İbrahim sazişləri”ni genişləndirilərək azad İranı, İsraili və ərəb dünyasını birləşdirən “Kir” razılaşmalarına çevrilməsini təşviq edəcəyik. Qarşılıqlı tanınma, suverenlik və milli maraqlara əsaslanan yeni bir səhifə açılacaq”, - deyə R.Pəhləvi yazıb.
O, İranın dünyanın ən böyük neft və qaz ehtiyatlarından birinə sahib olduğunu, İranın azad dünya üçün etibarlı enerji təchizatçısına çevriləcəyini vurğulayıb. “Siyasət şəffaf olacaq. İranın addımları məsuliyyətli olacaq. Qiymətlər proqnozlaşdırıla bilən olacaq”, - deyə Pəhləvi bildirib.
Rza Pəhləvi mümkün süqutdan sonra İranın beynəlxalq standartları qəbul eedərək tətbiq edəcəyini də bildirib: “Pul yuyulmasına qarşı mübarizə aparılacaq. Mütəşəkkil korrupsiya aradan qaldırılacaq. Dövlət institutları xalqa hesabat verəcək. Buna nail olmaq üçün indi İran xalqının yanında durmağın vaxtıdır. İslam Respublikasının süqutu və İranda dünyəvi, demokratik hökumətin qurulması təkcə xalqımın ləyaqətini bərpa etməyəcək, həm də bölgəyə və dünyaya fayda verəcək. Azad İran sülhün, rifahın və tərəfdaşlığın gücü olacaq”, - deyə o vurğulayıb.