İsraildən Vaşinqtona şok mesaj: "Təkbaşına vuracağıq!"

İsraildən Vaşinqtona şok mesaj: "Təkbaşına vuracağıq!" Dünya

İsrail İranın raket proqramı ilə bağlı müəyyən etdiyi “qırmızı xətlərin” keçiləcəyi təqdirdə ABŞ-dən asılı olmayaraq həmin obyektlərə təkbaşına zərbə endirməyə hazır olduğunu Vaşinqtona bildirib.

News24.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” təhlükəsizlik strukturlarındakı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, İsrail tərəfi ABŞ ilə müzakirələr aparsa da, Tehran ballistik raketlərlə bağlı müəyyən olunmuş həddi aşacağı halda hərbi əməliyyata müstəqil şəkildə başlaya biləcəyini qeyd edib. Bu çərçivədə Təl-Əviv Vaşinqtona İranın raket istehsalının əsas obyektlərini hədəfə alan bir neçə mümkün zərbə planı təqdim edib.

Mənbələr hesab edirlər ki, hazırda İranın raket infrastrukturuna ciddi zərər vurmaq üçün əlverişli şərait formalaşıb. Bununla yanaşı, İsrail ABŞ-nin yalnız məhdud zərbələrlə kifayətlənərək əsas təhlükəni aradan qaldırmadan prosesi uğurlu kimi təqdim edə və regiondakı mümkün nəticələrlə İsraili tək buraxa biləcəyindən narahatdır.

Qeyd edək ki, fevralın 7-də İranın xarici işlər naziri Abbas Əraqçi mümkün hücum halında İranın Fars körfəzində yerləşən ABŞ hərbi bazalarına zərbə endirməyə hazır olduqlarını bəyan edib. Bu açıqlama Vaşinqtonun prosesdə iştirak ehtimalı fonunda qiymətləndirilir.

Eyni zamanda, Qərb kəşfiyyat xidmətləri İranın nüvə silahı hazırladığına dair hər hansı sübutun olmadığını bildiriblər.