"İsrailin cavabı razılaşmanı pozmur" - Tramp
Dünya
“İsrail HAMAS hərəkatı tərəfindən mümkün hücumlara cavab verməlidir və bu, Qəzza zolağında atəşkəs rejiminin pozulmasına gətirib çıxarmayacaq”.
News24.az xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp Yaponiyanın paytaxtı Tokiodan Cənubi Koreyaya yollanarkən təyyarədə jurnalistlərə açıqlaması zamanı deyib.
“Onlar israilli hərbçini öldürdülər. Buna görə də israillilər cavab zərbəsi endirdilər və onlar bunu etməli idilər. Belə hallar baş verəndə cavab vermək lazımdır”, – deyə Tramp əlavə edib.
Amerikalı lider HAMAS-ı Yaxın Şərqdəki dünyanın çox kiçik bir hissəsi adlandırıb:
“HAMAS Yaxın Şərqdə çox kiçik bir qüvvədir. Əgər məcbur olsaq, HAMAS-ı çox asanlıqla aradan qaldıra bilərik. O zaman bu, onların sonu olacaq. Onlar özlərini düzgün aparmalıdırlar. Biz bunu etməməyi üstün tutardıq, çünki razılaşma əldə etmişik”, – deyə Tramp vurğulayıb.
Tramp bildirib ki, hazırkı vəziyyət atəşkəs rejiminin pozulması üçün təhlükə yaratmır və Qəzza ilə bağlı razılaşmanı heç nə təhlükə altına qoymayacaq.
Qeyd edək ki, Təl-Əviv ilə Fələstin hərəkatı arasında atəşkəs razılaşması 10 oktyabr tarixində qüvvəyə minib.