Korrupsiya qalmaqalı Tirana küçələrini qarışdırdı: etirazlar alovlandı – Fotolar

Korrupsiya qalmaqalı Tirana küçələrini qarışdırdı: etirazlar alovlandı – Fotolar Dünya

Albaniyanın paytaxtı Tiranada etirazçılar Baş nazir Edi Ramanın ofisinin yerləşdiyi hökumət binasına “Molotov kokteylləri” atıblar. Aksiya iştirakçıları Baş nazirin müavininin korrupsiya ittihamı ilə təqsirləndirilməsindən sonra hökumətin istefasını tələb ediblər.

News24.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Son həftələr Albaniyada siyasi gərginlik daha da artıb. Buna səbəb Baş nazirin müavini Belinda Ballukuya qarşı irəli sürülən ittihamlardır. Bir neçə dövlət rəsmisi və özəl şirkətlərlə birlikdə Balluku iri infrastruktur layihələrində bəzi şirkətlərə üstünlük vermək üçün dövlət vəsaitlərindən istifadə etməkdə günahlandırılır.

Balluku ötən ay parlamentdə çıxışı zamanı ittihamları “qarayaxma, eyhamlar, yarımçıq həqiqətlər və yalanlar” adlandırıb və məhkəmə ilə tam əməkdaşlıq edəcəyini bəyan edib.

Korrupsiya və mütəşəkkil cinayətkarlıqla mübarizə aparan Xüsusi Prokurorluq bu həftə parlamentdən Ballukunun deputat toxunulmazlığının ləğvini və onun həbsinə icazə verilməsini istəyib. Lakin Ramanın partiyasının çoxluğa sahib olduğu parlamentin bu məsələni nə vaxt səsverməyə çıxaracağı hələlik məlum deyil.

Qeyd edək ki, Belinda Balluku eyni zamanda İnfrastruktur Nazirliyinə rəhbərlik edir. Nazirlik yollar, körpülər və tunellər daxil olmaqla yüz milyonlarla avro dəyərində layihələri idarə edir.

Korrupsiya qalmaqalı Tirana küçələrini qarışdırdı: etirazlar alovlandı – Fotolar Korrupsiya qalmaqalı Tirana küçələrini qarışdırdı: etirazlar alovlandı – Fotolar