Maduro məxfi silahla ələ keçirilib? – Tramp açıqladı

Maduro məxfi silahla ələ keçirilib? – Tramp açıqladı Dünya

ABŞ Prezidenti Donald Tramp Venesuelaya qarşı həyata keçirilən hərbi əməliyyat zamanı ABŞ ordusunun yeni və məxfi silahdan istifadə etdiyini açıqlayıb. Onun sözlərinə görə, “dezorientator” (The Discombobulator) adlanan bu silah əməliyyatın taleyini həll edib.

News24.az xəbər verir ki, Tramp “New York Post” qəzetinə müsahibəsində bildirib ki, sözügedən silah Venesuela hərbi texnikasını tamamilə sıradan çıxarıb. Onun iddiasına görə, Venesuela hərbçiləri raketlərini işə sala bilməyiblər.

“Onların rus və Çin istehsalı raketləri var idi, amma heç biri işləmədi. Biz daxil olduq, onlar düymələri basdılar və heç nə baş vermədi”, – deyə Tramp bildirib.

ABŞ Prezidenti əlavə edib ki, Venesuela hücuma tam hazır vəziyyətdə olub.

Qeyd edək ki, ABŞ yanvarın 3-də Venesuela prezidenti Nikolas Maduronun və onun həyat yoldaşı Siliya Floresin ələ keçirilməsi məqsədilə hərbi əməliyyat həyata keçirib. ABŞ hakimiyyəti onları narkoterrorizmdə ittiham edib, lakin cütlük bu ittihamları qəbul etməyib.

Venesuela Müdafiə Nazirliyinin məlumatına görə, əməliyyat zamanı 83 nəfər həlak olub. Ölənlər arasında Venesuela və Kuba hərbçilərinin də olduğu bildirilir. Donald Tramp isə ABŞ tərəfinin itki vermədiyini iddia edib.