Makronun telefonundakı yazışmalar qalmaqal yaratdı – İDDİA

Makronun telefonundakı yazışmalar qalmaqal yaratdı – İDDİA Dünya

Fransanın birinci xanımı Bricit Makron haqqında yeni qalmaqallı iddialar ortaya çıxıb.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, jurnalist Florian Tardifın yazdığı “Un Couple (Presque) Parfait” (“Demək olar ki, ideal cütlük”) kitabında Bricit Makronun Yelisey sarayında çalışan gənc təcrübəçinin işdən uzaqlaşdırılmasına nail olduğu bildirilib.

Kitabda iddia olunub ki, “Şəhrizad” adı ilə təqdim edilən gənc qadın cazibəsindən istifadə edərək Yelisey sarayında vəzifə qazanmağa çalışıb.

Müəllifin sözlərinə görə, Bricit Makron bu vəziyyətə sərt reaksiya verib və sonradan daha bir qadın müşavirin də prezident çevrəsindən uzaqlaşdırılmasına təsir göstərib.

Florian Tardif həmçinin ötən il Emmanuel Makron ilə həyat yoldaşı arasında Hanoy hava limanında baş verən qalmaqallı mübahisənin səbəbi barədə danışıb.

Onun iddiasına görə, Bricit Makron prezidentin telefonunda iranlı aktrisa Gülşiftə Fərahani ilə yazışmaları görüb. Müəllif bildirir ki, Makron aktrisaya “çox gözəl” və “möhtəşəm” kimi ifadələr yazıb.

Jurnalist prezidentlə aktrisa arasında bir neçə ay davam edən platonik münasibətin olduğunu və bu yazışmaların cütlük arasında ciddi gərginlik yaratdığını deyib. Hanoydakı təyyarə insidenti də məhz bu səbəbdən baş verib.

Yelisey sarayı isə bu iddiaları rədd edib. Bricit Makronun çevrəsi bildirib ki, birinci xanım heç vaxt həyat yoldaşının telefonunu yoxlamır. Gülşiftə Fərahani də daha əvvəl bu barədə yayılan şayiələri təkzib edərək onları “cəmiyyətin yaratdığı boş söhbətlər” adlandırıb.