Məşhur müğənni qətl ittihamı ilə həbs edildi

Məşhur müğənni qətl ittihamı ilə həbs edildi Dünya

ABŞ-nin populyar musiqiçisi D4vd (əsl adı Devid Entoni Berk) 14 yaşlı qızın qətlində şübhəli bilinərək həbs olunub.

News24.az xəbər verir ki, hadisə Los-Anceles şəhərində baş verib. Polisin verdiyi məlumata görə, ötən il Hollivud-Hills (Hollywood Hills) ərazisində tərk edilmiş vəziyyətdə tapılan avtomobilin baqajından parçalanmış və çürümüş insan qalıqları aşkarlanıb. Aparılan texniki araşdırmalar nəticəsində həmin nəqliyyat vasitəsinin müğənniyə məxsus olduğu müəyyən edilib.

Məhkəmə-tibbi ekspertizası qurbanın bir müddət əvvəl itkin düşmüş 14 yaşlı Seleste Rivas Hernandez olduğunu müəyyən edib.

Hüquq-mühafizə orqanlarının rəsmi açıqlamasında bildirilib ki, şübhəli şəxs hazırda girov müqabilində sərbəst buraxılma hüququ olmadan həbsdə saxlanılır. Yaxın günlərdə iş baxılması üçün prokurorluğa təqdim olunacaq və istintaqın gedişatından asılı olaraq ona qarşı əlavə ittihamların irəli sürülməsi istisna edilmir.

Müğənninin vəkilləri isə ittihamları rədd edərək müvəkkillərinin günahsız olduğunu müdafiə edirlər. Müdafiə tərəfi məhkəmədə təqdim olunacaq sübutların sənətçinin bəraət almasına əsas verəcəyini iddia edir.

Faktla bağlı genişmiqyaslı istintaq davam edir.