Müctəba Xamenei komadadır? - Kəşfiyyat hesabatı yayıldı
Dünya
İranın yeni ali lideri Müctəba Xamenei huşsuz vəziyyətdədir və Qum şəhərində müalicə olunur.
News24.az xəbər verir ki, bu barədə Britaniyanın “The Times” qəzeti ABŞ və İsrail kəşfiyyat xidmətlərinin analitik hesabatına istinadən məlumat yayıb.
Sözügedən hesabat Fars körfəzi regionundakı müttəfiqlər arasında yayılıb. Sənəddə ilk dəfə olaraq İran liderinin ehtimal olunan yerləşdiyi yer açıqlanıb.
Qeyd edək ki, İran daha əvvəl rəsmi yeni ali lider Müctaba Xameneinin atasının, anasının, həyat yoldaşı Zəhra Həddad-Adel və oğullarından birinin həyatına son qoyan eyni hava zərbəsi nəticəsində yaralandığını təsdiqləyib.
Regional münaqişənin başlanmasından bəri Müctaba Xamenei ictimaiyyət qarşısına çıxmayıb.
Eyni zamanda, İranın Xarici İşlər Nazirliyi yeni liderinin səhhətinin qaydasında olduğunu və aldığı xəsarətlərin onun fəaliyyətinə mane olmadığını açıqlayıb.
Bundan əlavə, İran rəsmiləri Müctaba Xameneinin müalicə üçün Rusiyaya getməsi barədə yayılan məlumatları da təkzib ediblər.