NATO Türkiyədə zərərsizləşdirilən raketlə bağlı açıqlama yaydı
Dünya
İrandan buraxıldığı bildirilən və Türkiyə hava məkanına yönələn ballistik raketin zərərsizləşdirilməsindən sonra NATO rəsmi açıqlama yayıb.
News24.az xəbər verir ki, NATO sözçüsü İranın Türkiyəni hədəf alan addımını qətiyyətlə pisləyib və bölgədə davam edən hücumlar fonunda Türkiyə də daxil olmaqla bütün müttəfiqlərin yanında dayandıqlarını bəyan edib.
Qeyd edək ki, Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatına görə, İran ərazisindən atılan və İraq ilə Suriya hava məkanından keçərək Türkiyəyə istiqamətlənən ballistik sursat Şərqi Aralıq dənizində yerləşən NATO hava və raketdən müdafiə sistemləri tərəfindən vaxtında məhv edilib.
Zərərsizləşdirilən raketin qalıqları Hatay vilayətinin Dörtyol rayonuna düşüb. Hadisə nəticəsində ölən və ya yaralanan olmadığı bildirilib.