Neftin qiyməti 150 dollara çatsa, nə baş verəcək?
Dünya
Neftin qiyməti bir barel üçün 150 dollara çatarsa, bu, qlobal resessiyaya səbəb ola bilər.
News24.az xəbər verir ki, bunu ABŞ-nin maliyyə nəhəngi “BlackRock” şirkətinin rəhbəri Larri Fink deyib.
Dünyanın ən böyük aktiv idarəetmə şirkətinə rəhbərlik edən Larri Fink qeyd edib ki, əgər İran təhdid olaraq qalarsa və neft qiymətləri yüksək səviyyədə davam edərsə, bu, qlobal iqtisadiyyat üçün ciddi nəticələrə gətirib çıxaracaq.
Yaxın Şərqdəki münaqişə maliyyə bazarlarında kəskin dalğalanmalara səbəb olub, çünki insanlar enerji daşıyıcılarının qiymətlərinin necə dəyişəcəyini qiymətləndirməyə çalışırlar.
Finkin fikrincə, münaqişənin yekun miqyası və nəticələri barədə danışmaq hələ tezdir, lakin o hesab edir ki, hadisələr iki ifrat ssenaridən biri üzrə inkişaf edə bilər.
Birincisi, əgər münaqişə nizamlanarsa və İran yenidən beynəlxalq ictimaiyyətin qəbul edə biləcəyi ölkəyə çevrilərsə, neftin qiyməti müharibədən əvvəlki səviyyədən də aşağı düşə bilər.
Onun sözlərinə görə, birinci ssenari baş verməzsə, neftin qiymətinin 100 dollardan yuxarı, hətta 150 dollara yaxın olduğu illər başlaya bilər ki, bu da iqtisadiyyat üçün ciddi nəticələrə səbəb olacaq və çox güman ki, kəskin resessiyaya gətirib çıxaracaq.
Fink həmçinin qeyd edib ki, ölkələr enerji balansına praqmatik yanaşmalı, mövcud bütün mənbələrdən istifadə etməlidir. Lakin ucuz enerji təminatı iqtisadi artımın stimullaşdırılması və həyat səviyyəsinin yüksəldilməsi üçün əsas amildir. /BBC News